İnkişaf etmiş ölkələrin iqtisadiyyatında bu gün universitetlər aparıcı mövqeyə malikdirlər. Onların gəlirlərinin mühüm hissəsi təhsil xidmətləri hesabına deyil, innovativ fəaliyyət hesabına formalaşır. İnformasiya cəmiyyətinin inkişafı universitetlərin fəaliyyət xarakterini, inkişaf strategiyasını, idarəetmə sistemini də dəyişdirir.
Təhsildə innovasiyaların yaradılması və tətbiqi universitetin bazar iqtisadiyyatı şəraitində maliyyə imkanlarını artırmaqla yanaşı, innovativ universitet modeli qurmağa imkan verir. Universitetin yeniliklərə, innovasiyalara açıq olması, innovativ inkişaf yolunu tutması onun sürətlə inkişaf edən qlobal tələblərə uyğunlaşması, rəqabətə davamlı olması üçün mühüm şərtdir. Universitetin inkişafı konsepsiyasının əsasını orada çalışan alimlərin tədris fəaliyyəti ilə yanaşı elmi fəaliyyəti də təşkil edir. Bu nöqteyi-nəzərdən Azərbaycan Texniki Universitetində “Elmi əsərlər” elmi-texniki jurnalı nəşr olunur.
Azərbaycan Texniki Universitetinin 1992-ci ildən etibarən nəşr etdiyi “Elmi əsərlər” elmi-texniki jurnalı ildə 2 dəfə çap edilir. “Elmi əsərlər” jurnalı elmi nəşrlərin beynəlxalq qeydiyyat mərkəzində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Nəşr olunduğu ilk gündən etibarən jurnal Azərbaycan və xarici ölkə alimlərinin elmi-tədqiqat işlərinin nəticələrini yüksək tərtibatla oxuculara təqdim edir. Jurnalda nəşr olunan hər bir məqalə uyğun sahə üzrə beynəlxaq səviyyədə tanınmış alimlərin müsbət rəyi alındıqdan sonra nəşr olunur.
“Elmi əsərlər” jurnalının redaksiya heyətinin tərkibinə ölkəmizdə və xaricdə fəaliyyət göstərən tanınmış alimlər daxildir. Jurnalın hər yeni sayında nəşr olunan elmi məqalələrin həm keyfiyyəti, həm də məqalə müəlliflərinin coğrafiyası genişlənməkdədir. Jurnalda Rusiya, Ukrayna, Türkiyə, ABŞ və digər ölkə alimlərinin məqalələri çap olunmuşdur. Sizin də jurnalımızda dəyərli məqalələrinizlə çıxış etmənizdən məmnun olarıq.